Qurana görə insanlar bütün aylarda evlənə, şənlənə bilərlər - İlahiyyatçı

10:42 11.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir çox insanlar Məhərrəm ayında edəcəkləri işlərə həssas yanaşırlar. Bu ayı nəsh ay kimi qəbul edirlər. Hətta bu ayda xeyir iş görməyin ziyanlı olduğunu hesab edənlər az deyil. Bəs həqiqətən aylar içində nəhs ay varmı, bu ayın düşər-düşməzi olurmu?

İlahiyyatçı Tural İrfan hafta.az-a bildirdi ki, Qurana görə hər işin, hər məsələnin cavabını, həllini o işin öz mütəxəssisləri verməlidir:

“İslamda belə bir ayin, belə bir ibadət növü yoxdur. Quranda tapa bilməzsiniz. Nə də hədislərdə tapa bilməzsiniz. Bu İmam Hüseyn adı ilə xurafat, nəzir yığmaq niyyəti, varlanmaq qəsdi ilə olan ibadətlərdir. İstər aşura günü olsun, istər digər zamanlarda xəstəlik yayılma ehtimalı varsa, mütəxəssislər belə deyirsə onda toplaşmaq haramdır. Yox əgər qorunmaqla, ehtiyyat tədbiri görməklə izn verilirsə bu zaman öz ixtiyarlarındadır”.

İlahiyyatçının sözlərinə görə, nəhs ay dediyiniz məsələ haqda da deyə bilərəm ki, İslamda, Quranda belə bir şey yoxdur:

“Əksinə Allahın bütün ayları, günləri insanlar üçün mübarək sayılır. Bu kimi xurafatları, sonradan dinə yenilik gətirənlər yayıblar. Bəzən deyirlər ki, Məhərrəm ayında toy etmək olmaz. Etmirlər də. Hələ ona əlavə 10 və ya 20 gün də yas əlavə edirlər. Demək olar ki, 2 ay toy, nişan olmur. Bunun mahiyyəti odur ki, İslam aləmində hər ilin 2 ayında evlənmə, nikah olmasın, müsəlmanların sayında azalma yaransın, bədbinlik hökm sürsün və sair. Yəni bu kimi addımlar düşünülməmiş, xurafat, Quranda olmayan və ən əsası orijinal İslamın əleyhinə olan işlərdir. Bu xurafatları yayanlar dələduz, savadsız, maddiyyat güdən ruhanilərdir. İnanıb əməl edənlər isə Qurandan, İslamdan xəbərsiz savadsız insanlardır. Allahın bütün ayları mübarəkdir. Nəhs ay deyə bir şey yoxdur. İnsanlar Qurana görə bütün aylarda evlənə, şənlənə bilərlər. Yeganə Ramazan ayıdır ki, o ayda oruc tutulması vacibdir. Lakin buna baxmayaraq iftardan sonra toy da etmək olar, şadlıq da etmək olar. İslam bədbinlik dini deyil. Əksinə islam optimist dindir. Peyğəmbərin sağlığında ən əziz qohumları, əmiləri, övladları nakam dünyadan getdi. Peyğəmbər onların heç birinə 3 gündən artıq yas saxlamadı. İndikilər peyğəmbərdən artıq imanlı və dinbilən olublar ki, onun nəvəsinə 50 gün yas saxlayırlar?”

Sosial rubrikasından digər xəbərlər